KƏLBƏCƏRİN
TARİXİ BARƏDƏ.
İnsanın təşəkkül tapması və formalaşması
dördüncü geoloji dövrlə bağlıdır.Bu dövrün isə 4 milyon
ildən artıq tarixə malik olması elmi əsaslarla sübuta
yetirilmişdir. Azərbaycanda Azıx, Tağlar (Qarabağda),
Zar (Kəlbəcərdə), Qazma (Naxçıvanda), Daşsalahlı və Aveydağ
(Qazaxda) Mağara düşərgələri, Qədir dərə, Çaxmaqlı, Kəkilli
(Qazaxda) kimi açıq düşərgələrdə aparılan arxeoloji tədqiqatlarda
sübut olunmuşdur ki,ibtidai insan sürü icmasının ilk əmək
alətləri (daşdan) meydana gəlib.
Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü
və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas
təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə
əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük
rol oynamış və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranmışdır.
Yeni heyvan növlərinin əhlilləşdirilməsi, xüsusilə də
təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb
edir.
Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq
Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları
və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri)
məskunlaşma başa çatmışdır.
Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə
mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar
bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş,Yazılıtəpə),
Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda)
qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri,
əyləncə və Magiya (şamanlıq) təsvir olunmuşdur.
Kəlbəcər də qədim insan məskənlərindən biri olmuşdur.
Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü
təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər
bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda
idi.
Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir.
Rayonun «Qaragöl» və «Zalxa gölləri» sahillərində, «Ayıçınqıllı»
və «Pəriçınqıllı» dağlarında qayalarda həkk edilmiş təsvirlər
1968-ci ildən öyrənilməyə başlanılmışdır.
1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin
yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri
aşkar edilmişdir.Burada diametri təqribən 20 metr olan
dairəvi tikili qalığı üzə çıxarılmışdır. Mürəkkəb quruluşlu
bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya
parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə
əsas verir deyək ki, bura ilk insan məskəni olmuşdur.
Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin
ki yerindən tərpədə bilsin.
Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III
minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü
və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və
s. də tapılmışdır. Burada aşkar edilmiş qaya təsvirləri
ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi,
sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim
yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri,
çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilmiş,bütün
bunlar barəsində mətbuatda geniş yazılar dərc olunmuşdur.
Ərazi demək olar ki, qəbirüstü at, qoç, sandıq fiqurları
ilə, daş üzərinə həkk olunmuş yazı və rəsmlərlə doludur.
Daş abidələr Şimali Azərbaycanda atəşpərəstliyin, xristianlığın,
VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılmışdır.
Atəşpərpstlik dövründə yaranmış bir daş abidə diqqəti
daha çox cəlb edir: rəsmdə solda yuxarıda Günəş parlayır.
Bir nəfər atı yedəkləyib Günəşə doğru çəkir, bir nəfər
isə əlində qılınc atın arxası ilə addımlayır.Günəşə qurban
aparırlar. Bu rəsmə baxdıqda «tarixin atası» Herodotun
yazdıqlarını xatırlayırsan. (b.e.ə.490-480-cı illər):
«Onların sitayiş etdikləri yeganə Allah Günəşdir. Günəşə
onlar atları qurban verirdilər. Onlar bu cür qurbanvermənin
mənasını bunda görürdülər ki, ən sürətli Allaha dünyada
mövcud olan ən sürətli canlını qurban vermək lazımdır».
Rayonda «Türk qəbristanlığı» adı ilə tanınan bir neçə
qədim məzarlıq var.Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər,
Zar və b. kəndlərin ərazisidir. Qəbirstanlıqlar müxtəlif
əsrlərdə yaradılmış forma və ölçü ilə bir-birindən fərqlənən
at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə
zəngindir.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türkmənşəlidir.
Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə
yaşayır. Bunlardan 20-dək kəndi əhatə edən Ayrım dərəsini,
10-dək kəndi əhatə edən Qılınclılar, 6-7 kəndi əhatə edən
Alxaslı, 4 kəndi əhatə edən Qaraçanlı bölgələrini, eləcə
də tayfa adı daşıyan Çıraq (Türkeşkənd), Qanlıkənd, Əsrik,
Çovdar, Çorman, Təkəqaya, Barmaq, Çəpli, Zar, Zivel, Yanşaq,
Söyüdlər (biz Seyidlərdeyirik) və bir sıra yaşayış məntəqələrini,
Çiçəkli, Söyüdlü, Abdal, Qaraxanlı, Bağırxan, Taxta və
b.yaylaqları,Qaramanlı, Xəndək, Güzdək, Tələlər, Aluluq,
Quturlu (Qoturlu kimi işlədirik), Tərtər, Dəlidağ, Keyti,
Tamaşa, Qoçdaş, Dikyurd, Yellicə, Aydoğan, Qoşqar və s.
dağ, dərə, əkin-biçənək adlarını - türkmənşəli toponimləri
göstərmək olar.
Ağdaban kəndinin qədim alban tayfasının adını daşıdığı
güman edilir. «Alban» adının Ağuan, Aluan, Ağvan, Andan
kimi təhrif olunmuş adlarından birinin də Ağban olması
istisna deyil.
XI əsrdən başlayaraq, bir sıra tarixi səbəblərdən, xarici
təcavüzkarların basqınlarından oğuz türklərinin vaxtaşırı
yerdəyişməsi baş vermişdir. Bu səbəbdən bir sıra tayfalar
öz adlarını qonşu dövlətlərin ərazilərində də əbədiləşdirirmişlər.Buna
görə də Kəlbəcərdəki toponimlərə ölkənin başqa rayonlarında,
həmçinin qonşu dövlətlərin ərazisində də rast gəlinir.
Kəlbəcərlilərin ulu babalarının bağlı olduqları köklər
və məskənlər barədə yazılı məlumata malikdirlər. Onlar
əsillərinin əsas aran və dağ Qarabağla, Cənubi Azərbaycanla,
Zəngəzurla, Dərələyəzlə, Qazax-Tovuzla və s. bağlı olduğunu
söyləyirlər. Ən qədim kökləri isə Cənubi Azərbaycana gedib
çıxır.