Dədə Şəmşirin anası Səlbi xanım o zaman
Kəlbəcər mahalının Güneypəyə kəndində san-səxalı, bin-bərəkətli,
qonaq-qonaqcalı süfrəsi ilə xətir - hörmət yiyəsi olan,
zor kişilərdən biri kimi ad-san qazanmış Əlbənd kişinin
boy-buxunu, davranışı, ədəb-ərkanı ilə seçilən el qızlarından
biri idi. Əlbənd kişi Kəlbəcər mahalında saz-söz vurğunu
kimi zəngin Azərbaycan dastanlarını, əfsanə-əsatirlərini,
nağıllarını sinədəftər bilən istedadlı, müdrik aqillərdən
biri kimi tanınırdı.
Səlbi xanımla bağlı ağdabanlı Şair Qurbanın “Getmə” kitabına
ön söz yazan görkəmli folklorşünüs professor Sədnik Paşayev
yazır:
Çox keçmir ki, Qurban bitkin gəraylılar və qoşmalar müəllifi
kimi şöhrət qazanır. Sevgilisi Səlbiyə həsr etdiyi “Getmə”
qoşması ilə özünə çoxlu pərəstişkarlar tapır:
Gözəllər karvanı yola düzüldü,
Kəpəzin kəkliyi, maralı, getmə.
Gözlərin süzüldü, canım üzüldü,
Məni qoyub yaslı, yaralı, getmə.
Qurbanam, dərd qoydun azrım üstə,
Bir də güzar eylə güzarın üstə.
Mən öləndə bir gəl məzarım üstə,
Sən allah yar, ötüb aralı getmə.
Çarpaz, daxili qafiyələr (6+5=11), poetik
duyum başdan-ayağa epitetlər üzərində səlbi xanıma ünvanlanmışdır.
- desək fikrimizdə yanılmarıq.
Şair Qurbanın sevgilisi Səlbi xanıma ithaf etdiyi “Üstündən”
gəraylı gözəlləməsində də sözlərin seçimi ölçülü-biçilidir:
Zənəxdanda qoşa xal var,
Camalında nə cəlal var.
Ləblərində şirin bal var,
Süzülüb qaymaq üstündən.
Sənsiz bu Qurban sızıldar,
Cismi ağlar, can sızıldar.
Arı görsə şan sızıldar,
Olmaz ayırmaq üstündən.
Verilən nümunələrdə ifadə çeşidləri,
misralarda, beytlərdə, bəndlərdə səslərin çalarlığının
sıralanması alleterisiyaya ən tutarlı nümunədir.